Siyasət təlimatı

İqlim fəaliyyəti çərçivəsində ədalətli keçid üçün gender, bərabərlik və inklüzivlik

İqlim dəyişmələri iş yerləri və gəlirlərin azalması, təhlükəsizlik və sağlamlıqla bağlı risklərin artması və məhsuldarlığın azalması baxımından əmək dünyasına dərin təsirlər göstərir. Qadınlar və kişilər bu təsirlərə fərqli formalarda məruz qalır. Həssas və ya təcrid olunmuş və əlverişsiz vəziyyətlərdə olan qrupların isə ən ağır təsirə məruz qalma ehtimalı daha böyükdür. Düşünülmüş genderə həssas və inklüziv tədbirlər olmadıqda, iqlim təsirləri mövcud bərabərsizlikləri və layiqli iş çatışmazlığını daha da dərinləşdirə və artan sosial və iqtisadi ədalətsizliyin əlavə təkanverici faktorlarından birinə çevrilə bilər.

İqlimədavamlı, azkarbonlu iqtisadiyyata keçid iş yerlərinin yaradılması və sosial inklüzivlik üçün imkanlar yaratmaqla yanaşı, özü ilə müəyyən çağırışlar da gətirir. Ədalətli keçid bərabərsizlikləri azaltmaqla, layiqli iş yerləri yaratmaqla və heç kəsi kənarda qoymamaqla ekoloji cəhətdən dayanıqlı iqtisadiyyatların inklüziv və genderə həssas şəkildə təşviqini ehtiva edir. Ədalətli keçid həm də qayğı işinin dəyərini vurğulamaq və ədalətli keçid proseslərinin tərkib hissəsi kimi dövlət qayğı infrastrukturuna və xidmətlərinə investisiya etmək üçün bir fürsət yaradaraq, əmək dünyasında gender bərabərliyinin inkişaf etdirilməsinə imkan yaradır.

Bu siyasət təlimatı iqlim dəyişmələri, gender, bərabərlik və inklüzivlik, həmçinin layiqli əmək arasındakı əlaqəni anlamağa və bu istiqamətdə tədbirlərin görülməsinə töhfə verməyi hədəfləyir. Bu, hökumətləri, işəgötürənlərin və işçilərin təşkilatlarını, qadın qruplarını və digər maraqlı tərəfləri genderə həssas və inklüziv ədalətli keçidə töhfə verən təcrübələrə əsaslanan siyasət məsləhətləri ilə dəstəkləmək üçün nəzərdə tutulub. Təlimat beynəlxalq əmək standartlarına əsaslanır və ədalətli keçid üçün insan yönümlü, hüquq və ehtiyaclara əsaslanan yanaşmanı özündə birləşdirir. O, BƏT-in ədalətli keçid üzrə 9 siyasət sahəsini açıqlayır və fəaliyyət üçün konkret başlanğıc nöqtələri təqdim edir. Ümumilikdə, o, inteqrasiyalı yanaşmanın qəbul edilməsini və siyasətlərin bir-biri ilə uzlaşmasını, o cümlədən qadınların qərar qəbulu və icra proseslərində tam iştirakını təşviq edir.

2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçirilən COP29-a hazırlıq çərçivəsində, Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Layiqli Əmək üçün Texniki Dəstək Qrupu və Ölkə Ofisi hökumətin, işəgötürənlərin və işçilərin təşkilatlarının genderə həssas və inklüziv ədalətli keçidə öz töhfələrini formalaşdırmasına dəstək üçün təlimatı Azərbaycan dilinə tərcümə edib.